ÜMUMİ MƏLUMAT

Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası, Cənubi Qafqazın şərqində, Xəzər dənizinin qərb sahilində yerləşir. Şimalda Rusiya, şimal-qərbdə Gürcüstan, qərbdə Ermənistan, cənub-qərbdə Türkiyə və cənubda İran ilə həmsərhəddir.

Azərbaycanın Xəzər dənizi sektorunda həmcinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya sərhədə malikdir.

Paytaxtı Bakı şəhəridir.

Azərbaycan əhalisi 9,6 milyon nəfərdir və sahəsi 86,6 min km²-dir. Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür. Azərbaycan prezidentli respublikadır və icraedici hakimiyyət prezidentə məxsusdur.

Orta qış temperaturu +4-8 °C, orta yay temperaturu +26-30 °C təşkil edir

Pul vahidi Azərbaycan manatı AZN. Saatqurşağı: AZV (UTC+4). Telefonkodu: +994.

AZƏRBAYCAN TARİXİ

Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır. Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarınin cənub-şərq yamacında yerləşən Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mezolit dövrü başlıca olaraq Qobustandakı qaya üstü rəsmlərvə arxeoloji tapıntılar əsasında tədqiq edilib və 2007-ci ildə Qobustan UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir.

Er.əv. 6-4-cü minilliklərdə Azərbaycan ərazisində eneolit mövcud idi.Bu zaman oturaq əkinçilik formalaşır, insanlar həyət təsərrüfatı tikililərinə malik olan evlərdə yaşamağa başlayırdılar. İnsanlar arpa, buğda və digər bitkiləri yetişdirməyi bacarır, sənətkarlıqla (daş və sümükdən əmək alətlərinin istehsalı, heyvan dərilərinin emalı, saxsı məmulatlarının hazırlanması və s.) məşğul idilər. E.ə. 321-ci ildə yaranmış Atropatena dövlətinin ilk hakimi Atropat hesab edilir.Atropatenada dövlət dini Zərdüştlük (Atəşpərəstlik) olmuşdur.

VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı.İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan Verdi. XVIII əsrin sonunda Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı. Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: “Şimali Azərbaycan” və “Cənubi Azərbaycan”.

Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi sonunda Şimali Azərbaycanda müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası meydana gəldi.Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti quruldu və bir müddət sonra da tərkibinə Gürcüstan, Ermənistan və Azərbaycan Sosialist respublikaları daxil olmuş Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası yarandı.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmiş, Konstitusiya Aktı 1991-ci il dekabrın 30-da ümumxalq səsverməsi, referendum vasitəsilə bəyənilmişdir. Bu aktla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin olunması üçün hüquqi əsaslar yaranmış, ölkə öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etmişdir.

AZƏRBAYCAN TƏBİƏTİ

Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə bölünür, onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır.Ölkədə hava temperaturunun və atmosfer yağıntılarının paylanması və rejiminin xüsusiyyətləri, həmçinin rütubətlənmə şəraiti nəzərə alınaraq Yer kürəsindəki 11 iqlim tipindən, 8-i burada olduğu müəyyən edilmişdir.

Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir. Ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanın ən böyük beş adası — Kür Dili, Pirallahı, Çilov, Xərə Zirə və Böyük Zirə adalarıdır.

Ölkənin təbiətində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü qeydə alınmışdır. Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir. Azərbaycan Respublikasının “Qırmızı kitab”ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.

Respublikanın şirin sularında və Xəzər dənizində 30 növ balıq ovlanır.Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur. Azərbaycanın ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır.Azərbaycanda rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Bunlardan dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, bigəvər, şümşad və s. göstərmək olar.Respublikada 240 endemik bitki növü mövcuddu.

Ölkənin hidroqrafik şəbəkəsinin əsasını çaylar təşkil edir. Respublikanın ərazisindən müxtəlif uzunluqda 8359 çay axır.Bunlardan 8188 çayın hər birinin uzunluğu 25 km-dən azdır.Uzunluqları 100 km-dən çox olan 24 çay vardır. Respublikann ərazisindən axan ən böyük çaylar: Kür, Araz, Qanıxçay, Qabırrı, Samurçay, Tərtərçay, Türyançay, Ağstafaçay, Həkəri, Bərgüşad çaylardır.

AZƏRBAYCANDA TURİZM

Zəngin tarix, mədəni və təbii irs dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir. Əl dəyməmiş təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan – Naftalan, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin: işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik və hətta qastronomik turizmin inkişafı üçün şərait yaradır.

Azərbaycanda turizm sahəsi günü-gündən inkişaf edir və tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevrilir.Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin Turizm İli elan etməsi və «Eurovision -2012» nüfuzlu mahnı müsabiqəsinin Azərbaycanın paytaxtında keçirilməsi bütün dünyadan turistlərin ölkəmizə axışması üçün şərait yaratdı və ölkənin turizm sənayesinin inkişafına güclü təkan verdi.

Azərbaycanda 30 beşulduzlu otel var, onlardan bir çoxu məşhur brend şəbəkəli mehmanxanalar ilə təmsil olunub- Four Seasons Hotel Baku, Hyatt Regency, JWMarriott Absheron Baku Hotel, Hilton Baku, Pullman Hotel, Fairmont, Rixos, eləcədə yerli brendlər olan Autograch Collection, Qafkaz hotels kimi şəbəkələrdə mövcuddur. Regionlarnda da mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bunlara misal olaraq, Qafqaz mehmanxanalar şəbəkəsini, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkını, «Tufandağ» qış turizm kompleksini, Qusar rayonundakı möhtəşəm «Şahdağ» turizm mərkəzini, həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malik 15-dən çox Olimpiya idman kompleksini və digərlərini göstərmək olar. Azərbaycandan YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına muğam, aşıq sənəti, Novruz bayramı, xalça toxuculuğu ənənəvi sənəti, tar ifaçılıq sənəti, Qarabağ atı ilə oynanılan çovqan oyunu, kəlağayı, Lahıc misgərlik sənəti, lavaş bişirmə ənənəsi daxil edilib.

Paytaxt Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır. Populyar turist məkanlarından Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçəri şəhər, Bakı bulvarı, Dövlət Bayrağı Meydanı, Heydər Əliyev mərkəzi, Fəvvarələr meydanı, Atəşgah, Şəhidlər Xiyabanı və Bakı teleqülləsini qeyd etmək olar.

Bakıda 20-dən artıq muzey və incəsənət qalereyası fəaliyyət göstərir. Şəhərin ən tanınmış muzeylərindən Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Xalça Muzeyi, Miniatür Kitab Muzeyi, Bakı Müasir İncəsənət Muzeylərin qeyd etmək olar.

Paytaxt və ölkənin bir çox şəhərlərində dunya məşhur brendlərin əksəriyyəti çoxu təmsil olunan 20-dən çox ticarət mərkəzləri fəaliyyət göstərir.

ƏLAQƏ

76 Xaqani kücəsi, Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 493 43 00
Faks: (+99412) 493 72 53

E-mail: office@hrg.az

XƏBƏRİNİZ OLSUN

Bizim qaynaq xəttimiz istənilən sorğu və geridönüş üçün daim açıqdır. Zəhmət olmasa, çəkinmədən aşağıdakı formadan keçid etməklə, elektron ünvanımıza yazın və biz ən tez bir zamanda sizə geri dönəcəyik.

Göndərmək